Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib
O, mərhum Elçin Əliyevin ailəsinə vurduğu mənəvi ziyana görə, 40 min 10 manat təzminat ödəməlidir
Həbsdə olan general Rövşən Əkbərov bu gün 10 il azadlıqdan məhrum olunub. O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Eyni zamanda generalın mərhum Elçin Əliyevin ailəsinə 40 min 10 manat mənəvi təzminat ödəməsi də əksini tapıb.
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə son sözünü söyləyən Rövşən Əkbərov son sözündə günahsız olduğunu deyərək bildirib ki, 2001-ci il iyunun 1-də qətl baş verdiyi kafedə olmayıb: «Mən həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün səfirlikdən mənə xəbər veriblər, hadisə barədə deyiblər. Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevi cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət verilməsini istəyirəm».
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyərək 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Mərhum Elçin Əliyevin vəkili isə R.Əkbərova 15 il cəza verilməsini istəyirdi.
Cinayət işində qeyd olunur ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
TİME TV