O, dələduzluqda ittiham edilərək həbs olunmuşdu
Sabiq deputat Rafael Cəbrayılov həbsxanada ölüb. Bunu onun yaxınları da təsdiqləyib. Bildiriblər ki, koronavirusa yoluxan deputat “Yeni Klinika” adlı müalicə müəssisəsinə göndərilib. Klinikaya daxil olanda Rəfael Cəbrayılovun saturasiyası 60 olub. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, koronavirusdan ölüb.
Dələduzluğa görə həbs edilən Cəbrayılovun bu günlərdə məhkəməsinin hazırlıq iclası keçirilsə də, o, koronavirusa yoluxduğu üçün proses təxirə salınmışdı.
Məlumat üçün bildirək ki, Cəbrayılov deputat olduğu müddətdə və daha sonra Bakıda tikinti biznesi ilə məşğul olub, bu biznesə yatırmaq üçün müxtəlif şəxslərdən milyonlarla manat borc alıb və qaytarmayıb. “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti baronu da onun işi üzrə zərərçəkmişlərdən biri idi və keçmiş deputata 200 min dollar verdiyini deyirdi. R.Cəbrayılov həm də deputat mandatını girov qoyaraq sələmçidən borc alması ilə gündəmə gəlmişdi.
Qeyri rəsmi məlumatlarda onun Milli Məclisin keçmiş sədri Oktay Əsədova villa və binalar tikdiyi, pulu ala bilmədiyi üçün borca düşdüyü qeyd olunur.
Time TV