Rusiyasız Bakı-İrəvan danışıqları baş tutacaqmı?
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Səfərdə əsas məqsəd Bakı və İrəvan arasında vasitəçilik etməkdir. Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib ki, Ermənistanla Azərbaycan arasında “xeyirxah qonşuluq münasibətlərinin qurulmasına” kömək göstərmək istəyir. O, ilk təşəbbüsün uğurlu olduğuna toxunaraq, buna misal kimi Bakı ilə Yerevan arasında bu ilin yayında baş tutmuş mübadiləni -bir qrup erməni hərbçisinin işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritəsi ilə dəyişdirilməsinə işarə edib.
Qaribşvili deyib: “Sabah mən Bakıya yollanıram. Mənim çox hörmət bəslədiyim prezident Əliyevlə görüşüm olacaq. Bizim çox yaxşı münasibətlərimiz var. Ən başlıcası budur ki, bir-birimizə etibar edirik. Ölkələr və liderlər arasında etimad olanda hesab edirəm ki, bütün məsələlər lazımi qaydada həllini tapar. Mənim cənab Paşinyanla da yaxşı münasibətlərim var, hansı ki, bir neçə həftə əvvəl Tbilisidə olub. Yaxın vaxtlarda mən də Ermənistana səfər etməyi planlaşdırıram. Hesab edirəm ki, bütün enerjimi münasibətlərin nizamlanmasına sərf edə və pozitiv rol oynaya bilərəm”.
Qeyd edək ki, bu dəfə də Gürcüstanın təşəbbüsü baş tutsa, bu Rusiyanın iştirakı olmadan Qərbin dəstəyilə Azərbaycan-Ermənistan arasında həyata keçirilən ikinci danışıq olacaq.