Mar 8, 2021, 6:59 am
3 Users Online

RAMİZ MEHDİYEVDƏN GECƏ BƏYANATI

Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər
Bu gün gecə saatlarında Azərbaycan Milli Elmlər Akademiyasının saytında Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının indiki prezidenti Ramiz Mehdiyevi müdafiə edən bəyanat dərc edilib. Bəyanat bu cür başlayır: 
“Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır. Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil”.
Ardınca bəyanat davam edir və vurğulanır:
Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinə 49 il sədaqətlə xidmət etmiş, Ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin etibarlı silahdaşı olmuş tanınmış dövlət və elm xadimidir. Dövlət qarşısındakı xidmətlərinə görə Ramiz müəllim ölkəmizin ali orden və mükafatları ilə, o cümlədən ölkənin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edilib. Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti postunda bu gün də həmişə olduğu kimi ölkə başçısı İlham Əliyevin yürütdüyü idarəçilik xəttinə sadiq qalmağa və onun tapşırıqlarını öz fəaliyyətində rəhbər tutmağa davam edir”.
Ramiz müəllimin fəaliyyətinə dövlət rəhbərliyi tərəfindən daim yüksək qiymət verilmişdir. Ona görə də böhtan xarakterli yazılarla öz aləmlərində Ramiz Mehdiyevi gözdən salmaq, onu ləkələmək istəyənlər ilk növbədə mənəvi eybəcərliklərini, qeyri-peşəkarlıqlarını nümayiş etdirirlər. Hər bir KİV redaktoru cəmiyyətə ötürdüyü məlumatın ciddiliyinə, doğruluğuna cavabdehlik daşımalı, ayrı-ayrı şəxslərin yox, ictimai sifarişin ifadəçisi qismində çıxış etməyi bacarmalıdır. Öz informasiya siyasətində bu meyarı qulaqardına vuran KİV-lər ilk növbədə öz oxucu auditoriyalarına hörmətsizlik etdiklərini unutmamalıdırlar.
Time TV-dən: Qeyd edək ki, iki gün öncə Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanda Rusiyanın 5-ci kalonu kimi fəaliyyət göstərən qüvvələrin və keçmiş məmurların ölkədə dövlət çevrilişi etməyə hazırlaşdıqlarını bəyan etmişdi. Media isə Əhmədovun Ramiz Mehdiyev və ətrafını nəzərdə tutduğunu bildirib.
Time TV

Leave a comment

Related Posts