Jan 21, 2021, 9:03 am
3 Users Online

SƏHİYYƏ NAZİRLİYİ AZƏRBAYCANLILARI NECƏ ÖLDÜRÜR?

DƏRMAN MAFİYASININ “KORONA PAKETİ”, 3-5 MİN MANATA DƏRMAN KİMİ SERTİFİKAT VERİLƏN MƏHLULLAR VƏ NƏHAYƏT, DƏRMANDAN DƏRD TAPAN AZƏRBAYCANLILAR

ÖLKƏ RƏHBƏRLİYİ BAŞ VERƏNLƏRİ NİYƏ “GÖRMÜR”?

Dərman sənayesi müasir dünyanın ən gəlirli sahələrindəndir. Səbəbi sadədir, bütün insanlar yaşamaq, xəstəliklərdən sağalmaq istəyirlər. Bunun üçün isə dərman lazımdır. Artıq inkişaf etmiş ölkələrdə dərman bazarında monopoliyaya və süni qiymət artımına son qoymaq üçün xüsusi qaydalar tətbiq edilib. Lazımi dərmanlar yalnız xüsusi həkim reçepti ilə verilir və ödəniş sığorta şirkəti tərəfindən ödənilir. Nəticədə sığorta şirkətləri dərmanların daha keyfiyyətli olmasın da maraqlıdırlar ki, əlavə pul ödəməsinlər. Həkimlər isə bu prosesdə xüsusi seçim haqqına malik deyillər. Xəstəliyin dərəcəsinə uyğun dərman təyin etməlidirlər. Süni şişirtmələr onların ciddi şəkildə cərimələnməsilə nəticələnə bilər. Eyni zamanda uzun müddətlik həkimlik hüququnu itirmək mümkündür. Lakin Azərbaycan kimi dərmandan – yəni, insanların xəstəliklərindən çörək, daha doğrusu, milyonlar qazanananlar üçün vəziyyət fərqlidir.

“KORONA PAKETİ”

Uzun illərdir ki, Azərbaycan səhiyyə naziri postunu zəbt etmiş Oktay Şirəliyev, onun müavini Nigar Əliyeva və digərləri ortada görünməsə də, faktiki olaraq dərman mafiyasına imkan yaradan səlahiyyətli şəxslər kimi milyonlar qazanırlar. Hətta dünyada yeganə ölkədir ki, Azərbaycanda apteklərdə “korona paketi” deyilən bir bağlama var. Əgər, koronavirusa yoluxubsansa, həmin paket tövsiyyə edilir. Adi insanlar üçün 1000 manatlıq paket, imkanlı şəxslər üçün isə qiymət 2000 manatdan 5000 manata qədər dəyişir. Məhz bu səbəbə görədir ki, dünyanın digər ölkələrində insanların koronavirusdan müalicə olunaraq xəstəxananı tərk etdiyi bildirilsə də, Azərbaycanda Səhiyyə Nazirliyi və TƏBİB koronaviruslu xəstələrin sağalıb xəstəxananı tərk etdiyini bildirirlər. Bəs görəsən, doğrudandamı, Azərbaycan səhiyyəsi və ölkədə satılan dərmanlar bu qədər “qüdrətə malikdir? Səhiyyə Nazirliyi bəli desə də, faktlar əksini sübut edir. Məlum olur ki, xaricdə satılmayan nə qədər dərmana oxşar məhlul varsa, pul verilib Azərbaycanda apteklərə doldurulur. Bunu faktlarla sizə təqdim edirik. 

MURAD SÜLEYMANOV MURADINA ÇATIB

Qeyd edək ki, Azərbaycanda dərmanların keyfiyyətinə cavabdeh olan qurum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Məhz bu orqan dərmanların keyfiyyətinə dair ekspertiza (o cümlədən laborator analizlər) aparır, onların idxalına icazə verir. Qurumun rəhbəri Murad Süleymanovun qeyri-qənaətbəxş fəaliyyəti dəfələrlə nazirlikdə müzakirə olunsa da, nazirlikdə kadr siyasətinin “haqq hesablarına” cavabdeh olan nazir müavini Nigar Əliyeva üçün bu şəxs sözün maddi mənasında dəyərli olduğu üçün o, hələ də ölkə bazarının keyfiyyətsiz dərmanlarla doldurulmasına şərait yaradır.

Murad Süleymanov
Murad Süleymanov – SN Analitik Ekspertiza Mərkəzinin rəhbəri 

Analitik Ekspertiza Mərkəzində hökm sürən məmur özbaşınalığı, intizamsızlıq, korrupsiya, laboratoriyanın tələb olunan standartlara cavab verməməsi nəticəsində keyfiyyətsiz dərman vasitələri necə gəldi dövlət qeydiyyatına alınır.  Həm də bir çoxu laborator sınaqdan keçməmiş. 

Hətta qanunvericiliyin tələblərinə cavab verməyən istifadə təlimatı və qablaşdırması olan dərmanların da idxalına icazə verilir. Bioloji aktiv əlavələrin, eləcə də dərmanların ekspertizası qanunvericiliklə nəzərdə tutulan müddətlər çərçivəsində keçirilmir və sahibkarlar incidilir. 2020-ci ilin iyul ayına qədər qüvvədə olmuş Dərman Vasitələrinin Dövlət Qeydiyyatına Alınması və Reyestrin Aparılması Qaydalarına əsasən dərmanların qeydiyyata alınması proseduru 2 mərhələdən ibarət idi:

İlkin ekspertiza və ixtisaslaşdırılmış ekspertiza.

İxtisaslaşdırılmış ekspertiza onun dəyəri (yəni, rüsum) ödənildikdən sonra 180 günə qədər davam edir. Proses analitika və klinika üzrə ekspertizadan, eləcə də laborator analizlərdən ibarətdir. Adi qaydada (buna rüşvətsiz deyək) davam edən ekspertiza adətən bu müddətdən artıq davam edir. Amma xüsusi qayda var ki, rüşvətlə hətta ekspertiza rəyini təqdim olunan tarixdən geriyə də almaq mümkündür. Azərbaycanda rüşvətlə ekspertiza və dövlət qeydiyyatının aparılması necə olduğunu təsəvvür etmək üçün qurumun daxili bazasandan olan 20 dərmana aid sənədləri göndəririk (məqalənin sonunda). Sənədlərdə ekspertizanın ödənilməsi tarixi, ekspertlərin verdiyi rəylərin tarixi, dərmanın adı və tərkibi, digər mühüm məlumatlar göstərilir:

1. 2019-cu ilin 10 yanvar tarixində Koreya istehsalı olan Kunoks adlı Human albumin preparatı ixtisaslaşdırılmış ekspertizaya göndərilir, fevralın 20-də ona analitikadan rəy verilir və artıq martın 12-də klinik rəy və laborator analizlər olmadan (!) qeydiyyat vəsiqəsi verilir (2 ay müddətdə!).

 

2. Çin Respublikasının Seftriakson Dr Prufer preparatının (əzələdaxili inyeksiya üçün toz) ixtisaslaşdırılmış ekspertiza dəyəri 28 dekabr 2018-ci il tarixində ödənilir, analitika üzrə rəy isə ondan 3 gün öncə – dekabrın 25-də verilir! Qeyd etdiyimiz kimi, qanunvericiliyə əsasən ekspertiza yalnız onun dəyəri ödənildikdən sonra başlayır.

 

Bu o deməkdir ki, ekspertiza keçirilməyib, laborator analizlər olunmayıb (çünki bunun üçün ən azından 1 ay vaxt tələb olunur)! Klinikadan rəy verilməyib! Qanunvericilik pozulub! Yəni, faktiki olaraq ekspertiza başlamamış rəy verir! Qeydiyyat vəsiqəsi isə heç 2 ay keçməmiş – fevralın 25-də verilir.

 

3. Hindistanın Diklomaks adlı əzələdaxili inyeksiya üçün məhlul preparatı: 26 aprel 2019-cu ildə ekspertiza dəyəri ödənilir, 6 may tarixində kliniki rəy, mayın 20-də isə laborator analizlər olunmadan analitikadan rəy verilir. Ekspertiza 1 aydan az çəkir! 

4. Hindistanın Tadalafil tərkibli Siateks adlı tabletlər: 2019-cu ilin 29 aprel tarixində ekspertiza dəyəri ödənilir, 20 may tarixində analitika üzrə rəy verilir və klinikaya dair rəy olmadan 16 iyul tarixində qeydiyyat vəsiqəsi verilir (3 aydan az müddətə!). 

5. Hindistanın Fluconazole – 150 mg kapsullar: 1 avqust 2019-cu il tarixdə (işdə heç kimin olmadığı vaxtda) ekspertizaya göndərilir, 26 sentyabr tarixində analitikadan rəy verilir və klinikaya dair sorğu məktubuna cavab verilmədən (ekspert tərəfindən istehsalçıya dərmanın kliniki tədqiqatları ilə bağlı sorğu göndərilmişdir) qeydiyyata alınır! 

6. Hindistanın Seftriakson-Tro inyeksiya üçün toz: 27 avqust 2019-cu il tarixində ekspertizaya gedir və 30 sentyabr tarixdə ekspertizası bitir (1 ay). 

7. Hindistanın Tadalafil – 20mg örtüklü tabletlər: 2019-cu ilin avqustun 9-zu ekspertiza başlayır, 2 sentyabrda laborator analizlər olunmadan analitikadan rəy, 21 oktyabrda isə klinik rəy olmadan vəsiqə verilir! (3 aydan az!)

8. Türkiyənin Lansodens adlı Lanzoprazol tərkibli tabletlərin ekspertizasının dəyəri 2018-ci ilin dekabrın 26-da ödənilir, analitikadan rəyi isə artıq 2 gün öncə, yəni, dekabrın 24 verilmişdir. Klinika üzrə rəy yoxdur. Fevralın 1-də isə artıq qeydiyyat vəsiqəsi verilir! Yenə də rəy qanunsuz olaraq ekspertiza başlamamış, laborator analizlər keçirilməmiş və kliniki rəyi olmadan verilir! Cəmi 1 ay!

9. Türkiyənin klaritramitsin tərkibli Densklar adlı tabletləri: 2019-cu ilin fevralın 18-də ödəniş, 4 gün sonra isə analiz olunmadan analitikadan rəy və klinikaya dair rəy olunmadan artıq aprelin 10-da vəsiqə verilir (Bayram günlərini nəzərə alaraq – 1 ay müddətində).

10. Türkiyənin Pantoprazol tərkibli Pantoron adlı preparatı: 2018-ci ilin 26 dekabrda ekspertiza rüsumu ödənilir, dekabrın 21 isə artıq analitikadan rəyi verilib. 2019-cu ilin fevralın 1-də artıq qeydiyyat vəsiqəsini alıb! Fikir verin, yenə də ekspertiza başlamamış, laborator analizlər keçirilmədən rəy verilir, sonra isə klinik rəyi olmadan qeydiyyata alınır. Cəmi 1 aya məsələ ekspertizasız həll olunur!

11. Hindistanın Albenzol 400 tabletləri 2018-ci ilin 17 dekabrda ekspertizaya göndərilir, 23 yanvar 2019-cu il tarixində isə analitikadan rəy verilir və kliniki rəy olmadan qeydiyyata alınır.

12. Paraqvayın Temari forte adlı inyeksiya üçün liofliziat: 7 noyabr 2018-ci il tarixdə ekspertiza dəyəri ödənilir, 7 yanvar 2019-cu il tarixdə analitikadan rəy verilir, klinik rəy olmadan 25 yanvar tarixində vəsiqə verilir (3 aydan az müddət ərzində).

13. Türkiyənin Ksemin adlı kapsullar: 2019-cu ilin fevralın 16-da ekspertiza ödənilir və cəmi 6 gündən sonra laborator analizlər olunmadan analitikadan rəy verilir. Aprelin 10 isə vəsiqə verilir (2 aydan da az müddətdə!). 

14. Türkiyənin lozartan tərkibli Ornazar adlı tabletlər: 2019-cu ilin fevralın 18-də ekspertiza başlayır və cəmi 4 gündən sonra fevralın 22-də analizlər olunmadan analitikadan rəy, aprelin 10 vəsiqə verilir. (fevral qısa aydır, martın yarısı isə bayramlardır, ümumi müddət 1 ay!).

15. Hindistanın “Siston” adlı preparatı: 7 fevral 2019-cu il tarixdə ekspertizaya göndərilir və laborator analizi keçirilmədən eyni vaxtda – 13 mart tarixində ona rəy verilir. Cəmi 2 aydan sonra ona vəsiqə verilir.

16. Türkiyənin Poviiodeks (Povidon Yod) preparatı: 1 noyabr 2019-cu il tarixdə ekspertizaya göndərilir və artıq 20 dekabrda vəsiqə verilir! (2 aydan az!). İndi fikir verin! Türkiyədə bu preparat dərman kimi qeydiyyata alınmayıb və demək bunun Azərbaycanda dərman kimi qeydiyyata alınmasının qanuni əsası yoxdur. Ən əsası isə odur ki, Türkiyədə bu dərman deyilsə, istehsalçı bunu preparatı təqdim edə bilməz! Deməli, preparat saxta sənədlər əsasında qeydiyyata alınıb! 

17. Hindistanın Atom pover tadalafil tərkibli örtüklü tabletlər: 2019-cu ilin avqustun 9-da ekspertizaya göndərilir, artıq sentyabrın 2-si isə analitikadan rəy verilir və klinika üzrə rəy olmadan oktyabr ayının 21-də qeydiyyat vəsiqəsi verilir (2 ay).

18. Çin Respublikasının Ampisilin-CSPC preparatı: 8 noyabr 2019-cu ildə ödəniş, 13 yanvar 2020-ci ildə klinik rəy olmadan vəsiqə (2 ay!).

 19. Hindistanın Mikrobar rentgen üçün suspenziya preparatı: 2019-cu ilin 8 oktyabrda ödəniş, 15 yanvar 2020-ci il tarixdə klinik rəy olmadan – vəsiqə (3 ay)

20. Koreyanın Tonade adlı tadalafil tərkibli preparatı: 2019-cu ilin 3 oktyabrda ödəniş, 15 yanvar 2020-ci ildə klinik rəyi olamadan vəsiqə (3 ay)

 Analitik Ekspertiza Mərkəzində baş verən qanunsuz faktlar barədə Səhiyyə Nazirliyinə, ölkə rəhbərliyinə 3 il ərzində yüzlərlə məktub göndərilib. Lakin qətiyyən yaxşılığa doğru bir addım da atılmayıb. Əksinə, korrupsiya daha geniş miqyas almaqda davam edir. Çünki dərman mafiyası birbaşa ən yüksək səviyyədə himayə edilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək.

TİME TV ANALİTİK MƏRKƏZİ 

Leave a comment

Related Posts