Jan 21, 2021, 8:03 am
3 Users Online

Kəlbəcərin 30 kəndi erməniyə niyə qaldı?

Kəlbəcərin 30 kəndi, o cümlədən Xudavəng Monastrı Ağdərə rayonunun ərazisi kimi ermənilərin nəzarətinə verilib 
10 noyabr 3 tərəfli sazişi imzalanandan sonra Ermənistan Azərbaycanın Laçın, Kəlbəcər rayonlarını və Ağdamın işğal olunmuş hissəsini geri qaytarmağa razı olmuşdu. Lakin bu razılaşmanın konkret təfərrüatları məlum deyildi. Məlum olmurdu ki, rayonlar Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra müəyyənləşmiş inzibati ərazi xəritəsinə əsasənmi qaytarılacaq, yoxsa sovet dövrünün xəritəsi iləmi. Çünki məsələn, sovet dövrü Kəlbəcər rayonunda təxminən 115 inzibati yaşayış məntəqəsi var idisə, 1992-ci ildən sonra bu 145 olmuşdu. Ağdərə rayonu ləğv edilərək onun 30 kəndi Kəlbəcərə birləşdirilmiş, qalan hissəsi isə Tər Tər rayonuna verilmişdi. Çünki sovet vaxtı Mardakert adıyla mövcud olan Ağdərə rayonu süni yaradılmış və faktiki Tər Tərlə Kəlbəcəri ortadan bölən bir yaşayış məskəni idi. Bu üzdən müstəqilliyin ilk ilində ləğv edildi. Amma görünür, bu Putin üçün əsas deyilmiş. O, sovet dövrünün xəritəsinə əsasən Kəlbəcərin 30 kəndinin ermənilərdə qalmasını razılaşdırıb. Nəticədə Vəng kəndi, Xudavəng Monastrı, Kolanı tayfasının tarixi yurdu Çərəktar kəndi və təbiət mənzərəsilə füsunkar olan 30-yaxın kənd ermənilərin nəzarətində qalır. Hansı ki, bu kəndləri ermənilər noyabrın 15-də artıq tərk etmişdilər. İndi isə onlara deyirlər ki, geri dönün. Ermənilər isə 27 il əvvəl işğal etdikləri kəndlərdə nə var dağıdıb, yandırıb çıxıb gediblər. Onlara deyirlər “qayıdın, Rusiya evlərinizin yenidən bərpasına yardım edəcək”.
Qeyd edək ki, Vəng, Çərəktar və digər kəndlər noyabrın 10-da Ermənistan hökumətinin açıqladığı və Azərbaycanın nəzarətinə qaytarılacaq yaşayış məntəqələrinin siyahısında yer alırdı. Lakin sonradan hansısa sehrli əl bu kəndləri və o cümlədən Qazax rayonunun 7 kəndini siyahıdan çıxartdı. Halbuki bu kəndlərin əksəriyyəti dağıdılaraq tərk edilmişdi. İndi ermənilər Azərbaycanın öz kəndlərindən imtina etməsinə təəcüüblənməklə yanaşı, məsələn erməni Samvel Meliksetyan kimi belə deyirlər: 

– İndi məlum olur ki, kəndlər təhvil verilmir. Amma o eşşəklərdən hansı indi bütün evlərin yandırılmasına, əmlakın məhv edilməsinə və digərlərinə görə cavab verəcək? Yəqin təhsil naziri və ya iqtisadiyyat naziri günahkardır, hansı ki, artıq işdən azad ediliblər?  Və ya kəndlilər günahkardır? Lakin heç bir halda ali baş eşşək günahkar deyil. Artıq deməyə layiqli söz də tapa bilmirsən, sadəcə baxırsan və başa düşməyə çalışırsan ki, bütün bunların sonu var, yoxsa yeni “heyrətamiz” yüksəkliklər qalır…

Artıq ortada olan fakt odur ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi xəritəsini əldə əsas tutaraq həmin kəndləri ermənilərin nəzarətinə verir. Bəs buna məsuliyyəti kim daşıyır? Azərbaycan əhalisi bir tərəfə, o kəndlərin sakinlərindən icazə alınıbmı? Suallar çoxdu…
Araşdırmamış davam edəcək.

Time TV

Leave a comment

Related Posts