Hazırda keçmiş düşmənlərinin əsas arzusu sabiq PA rəhbərini dəmir barmaqlıqlar arasında görməkdi
Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev həm iqtidar nümayındələri, həm də keçmiş düşmənləri tərəfindən açıq hücuma məruz qalmaqdadır. Bu gün isə keçmiş millət vəkili, YAP Siyasi Şurasının sabiq üzvü Eldar Sabiroğlu Ramiz Mehdiyevlə bağlı yazı ilə çıxış edib. Onu olduğu kimi təqdim edirik:
– İRİ BƏYANAT YAYIB, ÖZÜNÜ TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞAN MEHDİYEVƏ 12 AÇIQ SUAL

AMEA-nın prezidenti Ramiz Mehdiyev nəhayət ki, danışdı. Susqunluğun daşını birdəfəlik atmaq istəsə də, bacara bilmədi. Ona veriləcək suallar çoxdur. Mənim də suallarm olacaq. Dünən axşamtərəfi yaydığı bəsit və arqumentsiz açıqlaması məni vadar etdi ki, təkrar Ramiz Mehdiyev mövzusuna qayıdım. Adı üstündə olsa da, akademik tərzə qətiyyən uyğun gəlməyən mətnin sahibində elmi idrakın hansı səviyyədə olduğunu bir daha özü bizlərə nəsib etdi.
1. Heydər Əliyevə qarşı 90-cı illlərdə aparılan hücumlarla mübarizədə niyə görünmürdünüz? Nə mane olurdu sizə?
2. Sov. KP. MK-nın katibi yoldaş Kapitanovun iştirakı ilə keçirilən plenumda Vəzirovun sualına cavabınızı xatırlayırsınızmı?
3. Özünü sadiq və sədaqətli adam hesab edən Mehdiyev Mütəllibovun qəbulunu tərk edərkən onun köməkçisinə dediyi sözləri yadından çıxarmayıb ki?
4. Heydər Əliyevin Naxçıvandan Bakıya döndüyü zaman hava limanına gəlməyə sizə nə mane olurdu?
5. Eldar Salayevin N. Nərimanov metrostansiyasının yanındakı Elmlər Akademiyasının balansında olan binadan ayırdığı YAP-ın mənzil qərargahında ölkənin görkəmli ziyalılarının Heydər Əliyevlə görüşündə niyə görünmədiniz?
6. Elmlər Akademiyasının dairəvi salonunda keçirilən akademik Həsən Əliyevlə vida mərasiminə dəvət edilsəniz də niyə gəlmədiniz?
7. Əliyevlər və Paşayevlər ailəsinin yumşaq desəm, sizə xoş olmayan münasibəti nədən irəli gəlir?
8. Prezident Heydər Əliyev 1998-ci ildə Gəncə şəhərində seçki mitinqinə səfəri zamanı mənə etdiyiniz zəngdə dediyiniz sözləri unutmamısınız ki?
9. Respublika Sarayında YAP-ın qurultayı başlamazdan öncə sarayın səhnəsində məni bir qırağa çəkib, rəhmətlik Abbas Mustafayev və onu sizin üzərinizə yönəldənlərin kimliyi barədə etdiyiniz söhbət yadınızdadırmı?
10. Taleyüklü informasiya və məlumatlar Prezidentə yetişməmiş sizə çatdırılırdısa, bu, nə ilə izah oluna bilər?
11. İqtidaryönlü “Dövran” qəzetini Əli Həsənovla siz məhkəməyə verərkən nə məqsəd güdürdünüz? Bununla bağlı Heydər Əliyevin hər ikinizə dediyi ağır sözlər yadınızdan çıxmayıb ki?
12. Sabiq deputat Şəfiqə xanım Məmmədovaya qarşı kin və qəzəbiniz nədən qaynaqlanırdı?
Hələlik bu qədər. Əliyevlərə “sadiq” adamın suallarıma cavabı maraqlı olardı?!
TİME TV