May 26, 2020, 5:06 am
4 Users Online

Azərbaycanda daha iki bank bağlandı

Neftin qiymətlərinin düşməsi və koronavirus faktiki olaraq, ölkəni defolt vəziyyətinə gətirib çıxarıb

Yüz minlərlə işsizlərin siyahısına iki min bank işçisi də əlavə olundu 

Koronavirus pandemiyası və neft qiymətlərinin enməsi Azərbaycan hökumətini çətin vəziyyətdə qoyub. İqtisadiyyatı faktiki olaraq neft gəlirlərindən asılı olan ölkədə çətin bir durum yaranıb. Bunun nəticəsində ölkədə ilk olaraq banklar iflas olub və bu prosesin devalvasiyaya qədər davam edə bilər. Təxminən iki həftə öncə – aprelin 28-də Mərkəzi Bankın İdarə Heyəti “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyalarını ləğv etdi. Mərkəzi bankdan bildirildi ki, ləğv olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb. Xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilməyib. Belə ki, Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşüblər.  Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edib.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi aşkarlanıb. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.

“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunub. Məhz bütün bunlara görə də Mərkəzi Bank bu bankları ləğv edib və hər iki bankın birlikdə 100-dən çox işçisi işsizlər siyahısına daxil olub. Onların maaşları aprel ayına qədər verilib və özləri də işdən kənarlaşdırılıb. 

Ümumilikdə 4 bankdan iki minə yaxın şəxs işdən kənarlaşdırılıb. Bu da indiki dövrdə Azərbaycanda yüz minlərlə işsizlər ordusuna yenilərinin qatılması deməkdir. Bəs hökumətin işsizliyin səviyyəsini real olaraq azaltmaq üçün ciddi tədbirlər planı varmı? Hələ ki, biz belə bir plana rastlaşmamışıq. Xəbəri olan varsa, bizə yaza bilər. 

Time TV 

Leave a comment

Related Posts