Apr 14, 2021, 12:54 pm
4 Users Online

Akif Çovdarovla Eldar Mahmudovun gizli danışığı

Çovdarov həbsdə belə Mahmudova sədaqətini itirməyib 

Rüfət Səfərova verilən işgəncələr Ədliyyə Nazirliyinin həbsxanaları konslagerlərə çevirdiyini təsdiq edir

Rüfət Səfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş general qrupu ilə bağlı həbsxana xatirələrini davam etdirir. Oxuyun, çox maraqlıdır!

Rüfət Səfərov
Rüfət Səfərov

X hissə

…Bəli, “Şrek”, “baba”sı və nazirinin timsalında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 11 illik fəaliyyəti dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsindən daha çox bilik və aqumentlə susdurulması müşkül olan müxalifətçilərdən tutmuş dəyəri milyardlarla ölçülən daşınar və daşınmaz əmlak sahibilərinə- oliqarxlara, nazirlərə, deputatlara, şəhər və rayon icra hakimiyyəti başçılarınadək…minlərlə insanın şəxsiyyəti və ailəsi üzərində zor göstərməklə, şəxsi həyatlarını nəzarətə götürüb, rüsvayedici məlumatları yaymaqla şantaj edib, fantastik məbləğlərə sahiblənməklə, cəsur fərdlərin sındırılması, şərəf, ləyaqət və işgüzgüzar nüfuzlarının alt-üst edilməsi və bu kimi iyrənc əməllərlə xarakterizə olunmalıdır.

(Mən bütün məsuliyyətimlə söyləyirəm: uzun illər məhbəs həyatı yaşayan, prinsiplərindən dönməyən, ardıcıllığı ilə fərqlənən müxalif fikir daşıyıcalarının bəziləri günün birində 180 dərəcə bucaq altında dəyişiblərsə, əks düşərgəyə meylləniblərsə, içdən gəlməyən mədhnamələr söyləyiblərsə, bir sözlə, əvvəlki kimi olmayıblarsa, buna şəxsi iradələrinin məhsulu kimi deyil, oturduqları unitazlardan tutmuş yatdıqları çarpayılaradək…bütün şəxsi həyatlarına burun soxub, nəzarətə götürən mənfur və şantajçı rütbə sahiblərinin işi kimi baxmaq lazımdır. Bəlkə də başadüşüləndir: utanıblar, abırlarına qısılıblar, ləyaqətlərinə sığışdırmayıblar ki, birdən yayarlar… Heç şübhəsiz, istisnalar da yox deyil: bəzi “müxalifətçi”lərin qanında əzəldən “satqınlıq plazması” olub. “Şrek”in bu xüsusda bildirdiklərini burada sadalamağı qətiyyən istəməsəm də cəmiyyətə ümumi bilgi verməyi özümə borc bilirəm. Səbirli olaq, dostlar.)

QIRMIZI XAÇ

Xədicə İsmayılın başına gətirdiklərini nəql edib yekunlaşdırmışdı ki, “DPNK” (“zon” rəisinin növbətçi köməkçisi) qaça-qaça biz tərəfə gəldi:

Rüfət, rəis səni çağırır – deyə qaranəfəs söylədi.
“Şrek” və polkovnik Mehdiyevlə sağollaşıb, inzibati binaya sarı addımladım. (Hələlik bəs idi, “Şrek” kifayət qədər danışmışdı. Çox da “tamahkarlıq” etməyə hacət yoxdu: “zon” burda, mənlə “Şrek” də içində, işimizin-gücümüzün adı yoxdur, günlər, aylar, illərsə irəlidədir.)
Rəisin qəbul otağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri-milliyyətcə qırğız və fransız olan iki əməkdaş gözləyirdi. “Zon” rəhbərliyi ilə söhbət edib çıxmışdılar. Sağ olsunlar, növbəti “kars”lardan birindən sonra hər ay ən azı bir dəfə baş çəkirdilər. Bu yerdə oxucular üçün “həlledici” karsın tarixçəsi maraqlı olar, buna görə də bəzi xüsusatları yazım, burda qalsın…

ZABİLİN ZÜLÜMÜ 

Günün birində məhkumlara qarşı qeyri-bərabər münasibətin durdurulması tələbilə dustaq yoldaşım Cavid Şirəliyevlə birlkdə “zon” rəisinin əməliiyat işləri üzrə müavininin qəbuluna getdik. Adi yerə tüpürməyə görə bir neçə sutka “kars”la cəzalanan dustaqların döyülmələrinə, fiziki işgəncəyə, qeyri-insani rəftara məruz qalmalarına, “əli cibində olan” məhkumlarınsa min oyundan çıxmasına göz yumulmasına dair şikayətlərimizi çatdırdıq. Əks təqdirdə qeyri-müəyyən muddətə aclığa başlayacağımızı bildirdik. Xüsusilə, soruşduq ki, Yevlaxdan olan müdafiəsiz və imkansız Zabil ilə “zon”un sexində usta kimi işləyən birisi (adını nədənsə gündəliyimə yazmamışam) arasında toqquşma ikincinin xətası ucbatından yaranıbsa, nədən ömrünün 18 ilini “stolıpin”də (dustaq daşıyan qatar-vaqon) işləyən, köhnə dustaqların təsdiqləməsinə görə bu illərdə bir dəfə də olsun tamahkarlıq etməyən, quruca maaşı ilə dolanıb, borclarını qaytarmaqçün bankdan götürdüyü krediti ödəyə bimədiyinə görə dələduzluqada təqsirləndirilib, 9 il müddətinə azadlıqdan məhrum edilən yazıq Zabil 1 il müddətinə Qobustan həbsxanasına göndərilməlidir, o biri isə 10 günlük “kars”la problemi çözməlidir? Cavab olmadı. (Bəli, Zabil üçün fədakarlıq etməyə dəyərdi. Çünki sonradan məlum olacaqdı ki, xətakar Zabil “zon”un rejim rəisinin müavininin bir neçə əməkdaş arasında tərs silləsinə zəif canı, qeyri-mütənasib bədən quruluşu ilə adekvat cavab veribmiş. Baxmayaraq ki, bunun yekununda xidməti kabinetdəcə təpilkərin altında futbol topu kimi o tərəf-bu tərəfə atılıbmış. 2 saat ərzində…) Belədə qəti qərar verib, səhər saat 8-00-da aclıq aksiyasına başladıq, bu barədə rəsmi yazılı müraciəti “DPNK”-ya təqdim etdik. Əvəzində əməkdaşların zorakılığı ilə üzləşdik. Düz “zon”un göbəyində. Başqa “zon”larda bu sayaq davranış, dustaqların gözləri önündə digər məhkuma zor tətbiq edərək növbətçi hissəyə sürümək bir qayda olaraq mümkünsüzdür.

“Rədd olsun diktatura! Yaşasın demokratiya!”

Mən vəhşiliyə, təbii ki, oxşar cavab verməkdən çəkindim, əvəzində düz “zon”un mərkəzində uca səslə şüar səsləndirdim: “Rədd olsun diktatura! Yaşasın demokratiya!” Bir neçə dəqiqə sonra ayıldım ki, “kars”dayam: əllərim və ayaqlarım qandallarla “şkonka”ya bağlanmış şəkildə. Təxminən 30 dəqiqə sonra “zon” rəisinin tərbiyəvi məsələlər üzrə müavini Azər Bağırzadə (haqqında növbəti hissələrdə daha ətraflı nəql edəcəyəm, qismət olsa.) “kars”a daxil oldu. Məni və atamı dövlətə və vətənə xəyanətdə təqsirləndirsə də, əmr almadan işgəncə verməyə cürəti çatmadı. Başıma oyun açıb, məhv edəcəyi ilə hədələdi, maksimum-3 il müddətinə Qobustan həbsxanasına göndərəcəyi ilə təhdid etdi. Mənsə bir kəlmə işlətdim: “Edərsən.” (Amma sonradan iş elə gətirdi ki, Azərin özünü tulladılar. Dustaqlardan birini məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərməyin qarşılığında valideyndən pul istəmişdi: telefon danışığı zamanı. Valideyn də tənbəllik etməz, səs yazısını yazar, aparar qoyar ya Fikrət Məmmədovun, ya da müavininin masasının üzərinə. Alternativ yol qalmaz: Azər bədbəxt olar. Doğru deyiblər, sən saydığını say, gör bir fələk nə sayır…)

Vəhşiliyin və zülmün son həddi

…1 saat keçir. Penitensiar Xidmətin xüsusi təyinatlıları “zon”a daxil olur. Məni “kars”ın kamerasından çıxarıb, gəzinti yerinə keçirirlər. Artıq Penitensiar Xidmətin rejim rəisi olan Füzuli (soyadını bilmirəm) və yanındakı 7-8 nəfər cəlladla qabaq-qənşər dayanmışıq.

Dustaqlar arasında son dərəcə amansız, məhkum qanına təşnə biri kimi ad çıxaran Füzuli təxminən 1 dəqiqə ərzində üzümə tərs-tərs baxıb, yumruqla sifətimə ilk zərbəni endirdi. Əllərim qandalda olsa da müvazinətimi saxlaya bildim, yıxılmadım. Bundan əsəbiləşən yanındakı cəlladlardan biri məni əlləri arasına qaldıraraq yuxarı qaldırıb yerə çırpdı. Zalım oğlu elə bil kartof atırdı. Bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib ayıltdılar. Əvvəldən sözləşibmişlər kimi, 7-8 cəllad eyni zamanda üzümə tüpürməyə başladılar. Əllərim arxadan bağlı olduğuna görə çənəmi tam sinəmə dayadım ki, heç olmazsa, iyrənc ağızlardan çıxan bir topa tüpürcək başıma, tüklərimə hopsun. Amma bu, daha da vəhşiləşmiş Füzulini və cəlladlarını qane edə bilməzdi. Biri sağ, o biri sol qulağımdan tutub başımı qaldırdı. Mən yenidən var gücümlə başımı aşağı endirmək istəyəndə Füzuli dəyənəklə boynumun ardından vurub yerə sərdi. Qollarımı qandaldan azad etdilər. Bir ayaq sağ, bir ayaq sol qolumun üstünə, 4 ayaq sağ, 4 ayaq sol ayağımın üzərinə qoyuldu ki, tam tərpənməz qalım. Təxminən 20 dəqiqə ərzində fasiləsiz surətdə yumşaq ətimə zərbələr endirildi. Özümü yarımçıq hiss edirdim: göbəkdən aşağı nahiyələr artıq mənə aid deyildi… Yenə bayıldım. İçi su ilə dolu vedrəni başıma əndərib yenidən ayıltdılar, boş vedrəni də başıma çırpdılar. Bu zaman Füzuli ayağını başımın üstünə qoyaraq: “Yenə özünü qudurğan kimi aparasan?”– deyə qışqırdı. Heç bir reaksiya vermədiyimi görüb, əmr etdi: “Dabanını əzin!” Təxminən 15-20 dəqiqə ərzində pəncəmin altına zərbələr vurmağa başladılar.

Əvvəlki kimi baş, əl və ayaqlarımın üstündə az qala oturmuşdular. Artıq taqətdən düşdüm, dözülməz ağrılar iradəmə üstün gəldi: “Ay ana! Ay ana! Ay ana!” – deyə bir neçə dəqiqə ərzində qışqırdım. (Bu yerdə təcrübəli dustaq kimi gənc dissidentlərə bir tövsiyə verim: işgəncə altında qətiyyən susmayın, çalışın ki, qışqırasınız, belədə sanki zərbələrin doğurduğu ağrılar uzun çəkmir. Və çalışın ki, üzüüstə yerdə çabaladığınız zaman təkcə çənənizi deyil, həm də ağzınızı döşəməyə dayayıb var gücünüzlə məhz “Ay ana! Ay Ana! Ay ana!” nidalarını betona sancasınız, əmin olun, o nidalar asanlıqla torpağa keçib, ana ürəyinə yol tapacaq. Axı deyilənlərə görə torpağın da “nəbz”i var. Anam Tahirə Tahirqızı təsdiqləyə bilər ki, həmin zaman qohumların birinin həyətində namaz qılırmış: səcdəyə gedərkən ox-nidalar sürətlə torpaqdan çıxaraq ürəyinə sancılıbmışlar, əyan edibmişlər ki, oğlun hansı vəziyyətdədir… Həmin rabitə ana dualarını fasiləsiz etməklə ən ağır işgəncəni belə yüngülləşdirir. İnanın.) Bir də baxam ki, bədbəxt Azər,- o Azər ki, sahibləri gələnədək cəsarət edib, barmağını belə mənə toxundura bilməmişdi,- arxadan kürəyimi təpikləyir… Nə isə ki, artıq mütəhərrik meyitəm. Qollarıma girib, kameraya atırlar. Kamerada tualetin ətrafında elədən-elə, belədən-belə sürüyüb, bədənimlə döşəməni təmizləyirlər. Bütün müqəqddəslərə and olsun, əziz oxucu, bununla da ürəkləri soyumur, yenidən əllərimi, ayaqlarımı “şkonka”ya bağlayıb çıxırlar. Axşam saat 17-00-dək belə vəziyyətdə qalıram. Nə qədər istəsəm də… tualetə getmək üçün qandaldan azad etmirlər. Özümü batırıram. Özüm-özümdən iyrənirəm. İt kökündəyəm. Daha doğrusu, itdən də betər. Sağ olsunlar, ailəm, Eldəniz Quliyev, Bəhruz Bayramov həyacan təbili çaldıqdan sonra Ombudsman Aparatının əməkdaşları, daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri mənə baş çəkdilər. Peşəsindən irəli gələrək ən dəhşətli səhnələrə şahidlik edən pakistanlı həkim mənə baxıb, göz yaşlarını saxlaya bilmədi…

Məhz bu 10 günlük “kars”dan sonra Qırmızı Xaç Komitəsinin təmsilçiləri söz verdikləri kimi ayda 1-2 dəfə “zon”a baş çəkdilər. Ta azadlığa çıxanadək…

Bəli, əziz oxucu, bilirəm ki, bu sətirlər Sizi sarsıtdı, təfərrüatların qələmə alınmasında bir fayda olmamış deyil. Bu və buna bənzər yaşanmışların təsviri hazırkı idarəçiliyin anatomiyasını tam anlamaq üçün mühümdür.
Qonaqlarla – Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə bizim üçün ayrılmış otaqda bir az söhbət etdik, sonra istəklərinə uyğun olaraq bərabər “zon”a keçib, baraka daxil olduq, yataq dəstlərimdən tutmuş oxuduğum kitablaradək maraqlandılar. Tərslikdən də həmin zaman “tumboçka”mın üzərində Hitlerin “Kavqam”ı idi. Fransız atamın Ankaradan gətirdiyi kitabı əlinə götürüb, bir o tərəfinə, bir bu tərəfinə baxdı, dilinin ucunda öz-özünə nəsə deyib, yerinə qoydu… Ayrıldıq.

Gündəliyim “deyir” ki, bu arada “zon”da ildırım sürətilə bir xəbər yayılır: Çovdarovun “sançast”dakı otağını “şmon” edirlər. Rəhbərsə Azər Bağırzadədir. Təbii ki, ilgincdir. Əcaba, nə baş verib? Mən həmin zaman diş həkiminin yanına getmək bəhanəsilə növbətçi hissəni adlayıb “sançast”a sarı addımladım.

Nəzarətçilərlə atüstü söhbət zamanı öyrəndim ki, Çovdarovun razılaşdırmamış, gizli surətdə əl telefonu işlətdiyinə dair “zon” rəhbərliyinə məlumat daxil olub. Dərhal Penitensiar Xidmətə və Nazirliyə məruzə edilib. Əmr verilib ki, təxirəsalınmaz surətdə “şmon” realizə edilsin, mobil telefon aşkara çıxarılsın. Mən nəzarətçilərlə “sançast”ın qapısından bir qədər kənarda söhbət edən zaman zabitlərdən biri çıxıb, iti addımlarla bizə sarı yeridi. Dərhal ayrılıb, həkimə getmək bəhanəsilə “sançast” istiqamətində addımladım. 5-6 addım yerimişdim ki, zabitin həyacan dolu cümləsini çətinliklə də olsa eşitdim:

-Ala, bu qoca, deyəsən, buradan Eldar Mahmudovla danışırmış. Aləm dəyib bir-birinə…

Time TV 

Ardı olacaq…

Əvvəli bu linklərdə

IX hissə https://www.timetv.live/2020/04/17/x%c9%99dic%c9%99-ismayili-nec%c9%99-oldurm%c9%99li-idil%c9%99r/

VIII hissə  https://www.timetv.live/2020/04/15/eldar-mahmudov-ilham-%c9%99liyevin-s%c9%99sini-nec%c9%99y%c9%99-satib/

VII hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin

https://www.timetv.live/2020/04/14/qanli-generallarin-m%c9%99hv-etdiyi-jurnalist-h%c9%99yatlari/

VI hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin

https://www.timetv.live/2020/04/11/dustaqlarin-sindirdigi-mtn-generali/

IV və V hissələri bu link vasitəsilə oxuya bilərsiniz.

https://www.timetv.live/2020/04/11/mtn-nin-jurnalistləri-sindiran-dəstəsinin-həbs-həyati/

III hissə ilə tanış olmaq üçün bu linkdən istifadə edin

https://www.timetv.live/2020/04/09/mtn-nin-generalinin-srekə-donməsi/

 

I və II hissə ilə burda tanış ola bilərsiniz 

https://www.timetv.live/2020/04/07/mtn-nin-qanli-generali-necə-akif-babaya-cevrildi/  

 

Leave a comment

Related Posts